Əli Kərim. Pişik
Axmaq pişik, ağ pişik,
Daha nə deyim sənə?
Baxırsan, hey baxırsan
Güzgüdəki şəklinə.
Gah qabarıb güzgüyə
Birdən cırmaq atırsan.
Gah yorulub durursan,
Gah yalandan yatırsan.
Qorxursan vurar səni
Güzgüdəki ağ pişik.
Səhərdən axşamacan
Durub çəkirsən keşik.
Baxıb cırmaqlayırsan,
Tərpədirsən güzgünü.
Ay pişik, o güzgüdə
Tanımırsan özünü?!
Sən cırmaq atan zaman
Birdən güzgü sürüşdü,
Üzü üstə çevrilib
Yumşaq divana düşdü.
Sən də ora atıldın,
Daha görmədin heç nə,
Elə bildin düşmənin
Qaçıb getdi evinə.
Əcəb işə düşmüşük,
Ağ pişik, axmaq pişik !