Nağıllar, hekayələr

Yusif Kərimov. Gecə və gündüz

Gündüz Gecədən soruşdu:

 

– Sənin adın nədir?

 

Gecə cavab verdi:

 

– Gecə.

 

– Bəs sabah adın nə olacaq?

 

– Bu nə deməkdir? Elə sabah da Gecə deyəcəklər.

 

– Bəs dünən adın nə idi?

 

– Əlbəttə, Gecə.

 

Gündüz sevinə-sevinə dedi:

 

– Mənim adım bu gün Bazar ertəsidir, sabah Çərşənbə axşamı olacaq. Dünən isə adım Bazar idi.

 

Gecə təəccüblə Gündüzün üzünə baxıb, başını buladı.