İlyas Tapdıq. Əncir
- Yarpağı pəncə-pəncə
Hansı ağacdır, səncə?
- Şabalıddı, ya palıd!
- Tapmadın, ay Salatın!
Axıracan qulaq as.
Çiçək açmaz, gül açmaz
Başqa ağaclar kimi-
Alma kimi, nar kimi.
Meyvəsi düymə-düymə,
Düyməsinə əl dəymə.
Su verməsən, kal düşər,
Yarpağının üstünə
Sarı-sarı xal düşər.
Nə zaman ki, yetişər-
Düyməsinin ucundan
Daml-damla bal düşər.
Pöhrəsi zəncir-zəncir,
Həyətdən evəcəndir.
Adı nədir bəs?
- Əncir!
08.07.2021