Şeirlər

Baba Vəziroğlu. Vətən

Sabaha yol gedən bu gəmi bizim,
Onun hər sevinci, hər qəmi bizim.
Duyğusu, vurğusu Vətən adlanır –
Bir yerdə döyünən bu qəlbimizin…

 

Vətən bir Günəşdir, biz də zərrəsi,
Vətənsiz eyləmə, Tanrı, heç kəsi.
Torpağı, Vətəni sevənlər üçün
Bəlkə də fırlanır bu Yer kürəsi.

 

Vətən “yan” – deyəndə alışaq gərək,
Vətən “can” – deyəndə barışaq gərək.
Bir vətəndaş kimi biz özümüzdən –
“Vətənçün nə etdik?” – soruşaq gərək.

 

Vətən – elə anddır, keçilərmi heç,
Vətən – bir zirvədir, kiçilərmi heç,
Taleyin, qismətin yazısıdır bu,
Anadır, Vətəndir, seçilərmi heç?!.

 

Sənsən ən müqəddəs andımız, Vətən,
Canımız, qanımız, adımız – Vətən.
Sənin dar günündə dost-düşmənimiz,
Bilinir doğmamız, yadımız, Vətən…

 

Üçrəngli bayrağın Günəşlə qoşa,
Azad Azərbaycan, var ol, min yaşa!..