Tofiq Mahmud. Girdmançay
Məşhur çaydır Girdmançay,
Yaman çaydır, yaman çay...
Yarğanı, dərəsi var,
Hay-küyü, nərəsi var.
Gözə görünməsə də,
Dağ yıxan qüvvəsi var.
A Girdmançay, Girdmançay,
Qınağındır duman, çay...
Sənin oylağın geniş,
Sənin yatağın geniş...
Sinən daşlarla dolu,
Dağ yolusan, dağ yolu.
Sıldırımlı qayanı
Yerindən oynadan çay...
Sənin kimi çay hanı,
A Girdmançay, Girdmançay!
Elə ki cürətlənib,
Elə ki qüvvətlənib
Sən yürüşə çıxırsan,
Dağ-qayanı yıxırsan.
Bir haray qoparırsan,
Qayalar aparırsan.
Qədim çaysan, çox qədim,
Tarixdir-hər qədəmin.
Ötüb keçir zaman, çay...
A Girdmançay, Girdmançay!
03.07.2021