Şeirlər

Mirmehdi Seyidzadə. Bulaq

Durna gözlü sərin bulaq,

Məskənindir güllü yaylaq.

Maral içir sularından,

Kölgə salır sənə qovaq...

 

Dağ döşündə durulursan,

Qayalardan burulursan.

Şırıldayıb axan zaman

Elə bil ki, parlaq nursan.

 

 

 

Şərbətisən göy yaylağın,

Yayda olur çox yığnağın.

Ellər gəlir görüşünə,

Əskik olmur heç qonağın.