Şeirlər

Tofiq Mahmud. Qoçağam

Nə olsun ki, uşağam,

Ancaq yaman qoçağam.

Gah qəhrəman oluram,

Gah kapitan oluram.

Kosmik gəmi sürürəm,

Ulduzları görürəm.

Gündə bir neçə kərə,

Dönürəm cəngavərə.

Oxum var, kamanım var,

Qılıncım, qalxanım var.

Hələ bir görün məni

Sürəndə təyyarəni.

Hər diyardan keçirəm,

Buludlardan keçirəm.

Hələ bircə aya mən,

Uçacağam aya mən.

Nə baxırsan üzümə,

İnanmırsan sözümə?

Nə olsun ki, uşağam,

Ancaq yaman qoçağam.