
Tərcüməçi: Gülnar Nəzərova
Biri var idi, biri yox idi, bir canavar var idi. Canavar qoyun sürüsünə hücum edib çobanı öldürdü. Onlar gedib canavarı ovçuya şikayət etdilər. Ovçu canavarın ardınca gedib meşəyə girdi. Canavar qorxub qaçırdı. Ovçu isə qışqıra-qışqıra onu qovalayırdı. Ovçu onu qovaladı, qovaladı, nəhayət canavar yoruldu və qaçmağa yer tapa bilmədi. Bu zaman torba daşıyan bir yaşlı kişini gördü.
- Salam, qoca baba, - dedi canavar. Mənə rəhmin gəlsin, məni ovçudan xilas elə. O, məni vurmaq istəyir. Gənc ruhuma rəhm elə.
Canavarı göz yaşları içində görən qocanın ona yazığı gəldi.
- Gəl torbaya gir, - dedi qoca.
Canavar torbaya girdi. Yaşlı kişi çuvalını belinə alıb ordan uzaqlaşdı.
Qəfildən ovçu qocanın qarşısına çıxdı.
- Baba görmədin? Burdan bir canavar keçdi? - deyə ovçu soruşdu.
- Yox, görmədim, - dedi qoca.
Ovçu bunu eşidib tələsik getdi.
- Torbadan çıx, xilas oldun artıq, - yaşlı kişi canavara dedi.
Canavar torbadan çıxdı.
- İndi get, meşəyə geri qayıt! - dedi qoca.
- Niyə? - dedi canavar, Mən acam, əvvəlcə səni yeyəcəm.
- Vay insafsız! Mən səni ölümdən qurtarım, sənə yaxşılıq edim, sənsə məni yeyəcəksən?
- Hə, mənim işim yamanlıq etməkdir, - dedi canavar.
Canavar qocaya hücum etmək istəyərkən qəfildən bir tülkü gəldi.
- Nə olub burda? - tülkü soruşdu.
- Yaxşılığa yamanlıq edilir, - dedi yaşlı kişi göz yaşları içində.
Canavar isə hadisəni tülküyə danışmağa başladı. Tülkü dedi:
- Sənə inanmıram canavar. Əgər sən o kiçik torbaya sığsan…
- Hə, sığaram, - canavar cəld cavab verdi.
- Onda torbaya gir, mən öz gözlərimlə görsəm, ancaq o zaman inanacam sənə. Əgər düz demiş olsan, qocanı yeməyə haqqın var, - tülkü dedi.
Canavar dərhal torbaya girdi.
- Torbanın ağzını bağla, baba, - dedi tülkü.
Qoca dərhal torbanın ağzını bağladı. Bundan sonra canavar min dəfə yalvarsada, qoca onu torbadan çıxarmadı.
19.04.2021