Xəbərlər

NASA-nın "Perseverance" kosmik gəmisi Qırmızı planetdə pendir kimi deşikli yaşıl daş tapıb

Amerika Milli Aviasiya və Kosmik Agentliyi (NASA)-nın Marsa göndərdiyi "Perseverance" (Dözümlüluk) kosmik gəmisi  Qırmızı planetin səthində, elm adamlarını çaşdıran qeyri-adi, pendir kimi deşikli, yaşıl rəngli bir qaya parçası qeydə almışdır.

 

Bu barədə NASA alimlərinin bir neçə fərziyyəsi var: yaşıl rəngli daş ya yerli süxurların bir parçası, ya şiddətli bir toqquşma nəticəsində bölgəyə düşən bir Mars parçası, ya Meteorit, ya da fərqli bir tapıntıdır. Daş təxminən 15 sm uzunluğundadır. Hazırda daşın mənşəyi öyrənilməkdədir.

 

Qeyd edək ki, bir ton ağırlığı olan “Perseverance” tədqiqat aparatı fevralın 18-də yeddi aylıq uçuşdan sonra “Jezero” krateri rayonunda Marsa eniş edib. “Mars 2020” missiyası ötən ilin iyul ayında start götürüb. NASA-nın tarixində beşinci Mars aparatı olan “Perseverance” Qırmızı planetin quruluşu və geologiyasının tədqiqi üçün nəzərdə tutulan yeddi elmi alətlə, həmçinin 25 kamera və iki mikrofonla təchiz olunub.

 

Məlumata görə, missiyanın əsas məqsədi Mars səthindən gələcəkdə Yerə çatdırılması nəzərdə tutulan süxur nümunələri toplamaqdır. Onun göyərtəsində Qırmızı planetin atmosferindən oksigen almaq üçün eksperimental qurğu, həmçinin başqa planetdə ilk uçuşu həyata keçirəcək “kosmik helikopter” də var. NASA-nın hədəfi 2030-cu illərədək Mars planetinə insan göndərmək imkanlarına malik olmaqdır.