Yer kürəsi saatı
Yer kürəsi saatı aksiyası bu gün yerli vaxtla 20:30-21:30 arası keçiriləcək.
Yer kürəsi saatı – (ing. Earth Hour) Ümumdünya vəhşi təbiət fondu (WWF) tərəfindən təşkil edilmiş, hər il keçirilən beynəlxalq aksiyadır. Yer kürəsi saatı mart ayının son şənbə günü keçirilir və planetdə baş verən iqlim dəyişikliyi, qlobal energetik problemlərə diqqət çəkmək məqsədi və bu problem mövzusunda insanların həmfikir olduqlarına əlamət olaraq eyni bir vaxtda işıqların və digər həyatı vacib elektrik avadanlıqların söndürülməsidir.
Alimlərin verdiyi məlumata görə, insanların 2003-cü ildən bu günə qədər ekosistemə göstərdikləri təsir o qədər artmışdır ki, əgər bu tendensiya davam etsə insanlara 2050-ci ilə qədər yeni bir planet lazım olacaq.
Eyni bir vaxtda işıqların söndürülməsi ilə dünyanın diqqətini ətraf mühitdə baş verən dəyişikliklərə cəlb etmək ideyası ilk dəfə 2007-ci ildə WWF tərəfindən tək bir şəhər – Sidney (Avstraliya) miqyasında həyata keçirilib. Artıq növbəti ildə dünyanın 35 ölkəsindən 100 milyon insan aksiyaya qoşulmuşdu. İl keçdikdə aksiyaya qoşulan ölkə və insanların sayı artmaqdadır. 2015-ci ildə bu aksiyaya 147 ölkədən 5400 şəhər qoşuldu.
Bu aksiyaya nəinki adi sakinlər qoşulur, bəzi ölkələrdə tədbir dövlət səviyyəsində təşkil edilir. Bu zaman məşhur turistik məkanların və memarlıq nümunələrinin də işıqları söndürülür. Bu nümunələr sırasında isə Eyfel qülləsi, Big-Ben, Kolizey və s.ləri də var.
27.03.2021