Şeirlər

Tofiq Bayram. Alqış deyim

Alqış deyim bu torpağın nemətinə,
Elin halal qismətinə alqış deyim.
Ürəklərin birliyinə, vəhdətinə,
Hünərinə, zəhmətinə alqış deyim.

 

Bu zəfərin işığıyla gözlər nurlanır,
Qürurlanır insan oğlu uca dağ kimi.
Ana vətən gözəlləşir, ellər varlanır,
Qızıl payız nübarlıdır ilk bahar kimi.

 

Xalqın şirin zəhmətini, əməyini
Ümman edən hər damcıya alqış deyim.
Məşəl kimi yandırıb öz ürəyini,
Yol göstərən sükançıya alqış deyim.

 

El qeyrəti damarlarda coşub-daşıb,
Elə bil ki hər birimiz beş nəfərik.
Şəhərimlə, kəndlərimlə qucaqlaşıb,
Gecə-gündüz səfərbərlik, səfərbərlik.

 

Bayraq rəngli, nur çələngli qələbənin,
Bəhrəsini görənlərə alqış deyim.
Bir cərgədə kəndli qızla tələbənin,
Axıtdığı halal tərə alqış deyim.

 

Hər biriniz bu torpağın şah əsəri,
Hər biriniz şöhrətsiniz bu həyata
Ən sərvətli bir ölkənin sahibləri,
Layiqsiniz min alqışa, mükafata.

 

İlham sizin, şeir sizin, sənət sizin,
Yer də, göy də eşqinizlə vəcdə gələr.
O mis kimi yanan isti əlinizin
Atəşindən doğulmuşdur bu kəlmələr.

 

Azərbaycan xoş xəbərlər məkanıdır,
Azərbaycan — şadlıq yeri, toy diyarı.
Qələbələr bu torpağın ünvanıdır,
Ey insanlar, geniş açın qapıları.

 

Küçələrdə tar səslənsin, kaman dinsin,
Haqqımız var yallı gedib, qanad açaq.
İgidlərin səcdəsinə günəş ensin,
Qədəmlərə gül səpilsin qucaq-qucaq.

 

Ana Vətən, qadir xalqım, gözün aydın,
Mübarəkdir bu bayramın, bu təntənən.
Alnın açıq, başın uca, üzün aydın,
Bir müqəddəs bayraq kimi ucaldın sən.