Aləmzər Əlizadə. Mən qoğal olsam
"Qoğal"ın nağılını,
Nənəm söyləyir axşam:
- Undum, qoğal olmuşam,
Süd ilə yoğrulmuşam.
Özümə yol açmışam,
Nənədən də qaçmışam,
Babadan da qaçmışam,
Dovşandan da qaçmışam,
Ayıdan da qaçmışam,
Bəs səndən nə var qaçmağa?
- Ancaq mən qoğal olsam,
Özümə yol açmazdım.
Nənədən də qaçmazdım,
Babadan da qaçmazdım.
Eşitmirəm deməzdi,
Tülkü məni yeməzdi.
02.03.2021