Zəlimxan Yaqub. Axar su
Göy üzündə buludları silkələr,
Dağ döşündən dərələrə axar su.
Şeh içində çimizdirər gülləri,
Zirvələrdən çökəklərə baxar su.
Qış gələndə əl-ayağı dondurar,
Yaz gələndə ümid nuru yandırar.
Qayaların inadını sındırar,
Damla-damla göz yaşını sıxar su.
Ruhu pakdı, təmizlərdən təmizdi,
Adı bizə əzizlərdən əzizdi.
Hara baxsan çaydı, göldü, dənizdi,
Yer altından yer üzünə çıxar su.
Gələn gedir bu dünyada qalan yox,
Sular kimi boşalan yox, dolan yox.
Dağ desə ki, məndən güclü olan yox,
Güc eləsə dağları da yıxar su.
Nəğməsidir hər açılan yarpağın,
Dərmanıdır hər bağçanın, hər bağın.
Ay Zəlimxan, şah damarı torpağın,
Axar südü, axar südü, axar su.