Bu gün Su çərşənbəsidir
Bu gün – fevralın 23-ü ölkəmizdə Novruzun əsas atributlarından olan çərşənbələrin ilki - Su çərşənbəsidir. Su çərşənbəsi Baharın ilk müjdəçilərindəndir. Əsrlər boyu nəsildən-nəslə keçərək günümüzə qədər gəlib çatan bu inancın bir çox adət-ənənələri olub.
Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaratmışdır. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Bəzi mənbələrdə ona “əzəl çərşənbə”, “gül çərşənbə”, “Sular Novruzu” da deyirlər. Su çərşənbəsində el arasında su ilə bağlı ayinlər, mərasimlər də keçirilərdi.
Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır. Xalqın inamına görə, Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Su təmizlik və saflıq rəmzi, həyatın başlanğıcı sayılır. Bu çərşənbə süfrəyə təmiz su qoymaq və ailə üzvlərinin ondan içməsi məsləhət görülür.
Xatırladaq ki, martın 2-də Od, martın 9-da Yel çərşənbəsi olacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd olunacaq.
Azərbaycan ərazisinə baharın gəlişi isə martın 20-si Bakı vaxtı ilə təxminən saat 13:37:00 radələrində baş verəcək. Martın 19-u ölkəmizdə bayram axşamı, 20-i isə bayram günü kimi qeyd olunacaq.
23.02.2021