Şeirlər

Sevinc Nuruqızı. Ailəm

Evimiz də var

Eyvanımız da.

Xorhaxor yatan

Məstanımız da.

Gözəl nənəm var

Saçı gümüşü.

“can” söyləməkdir

Nənəmin işi.

Bax, bu babamdır

Əlində əsa.

Sözü uzatmaz

Söyləyər qısa.

Anamla atam

Çalışır mənim.

Bacımla başım

Qarışır mənim.

Beş yaşında mən

Bacım yaş yarım.

Bir də varımdır

Oyuncaqlarım.

Bir əmim bir də

İki dayım var.

Filim, maşınım,

Dələm, ayım var.