Şeirlər

Mirvarid Dilbazi. Bahar bayramı

Salamladıq bülbülü,
Açıldı novruzgülü.
Bağlarda quşlar ötdü,
Nərgiz, bənövşə bitdi.
Gəldi bahar bayramı,
Şənlik etdi el, hamı.

 

Günəş öpdü çəməni,
Evdə qoyduq səməni.
Qarşıladıq Novruzu,
Şamlar sarı, qırmızı.
Gəldi bahar bayramı,
Şənlik etdi el, hamı.

 

Süfrələr bər-bəzəkli,
Üstü şirin çörəkli....
Nimçələrdə yer-yemiş,
Şəkərçörəyi, kişmiş.
Gəldi bahar bayramı,
Şənlik etdi el, hamı.

 

Pıçıldaşdı bülbüllər,
Bəzədi bağı güllər.
Saldı zoğal və alça
Yerə çiçəkdən xalça.
Gəldi bahar bayramı,
Şənlik etdi el, hamı.