Nağıllar, hekayələr

Birma nağılı. Dovşanın burnu niyə titrəyir?

Dovşanın həmişə heyvanların ən ağıllısı sayıldığını və qurbağanın onun şöhrətinə çoxdan həsəd apardığı barəsində yəqin ki, bilirsiniz.

 

İndi mən sizə bu haqda bir nağıl danışacam.

 

Bir gün qurbağa, dovşanı meşə sakinləri arasında necə rüsvay edəcəyi haqda düşünüb dovşana tələ qurdu.

 

Bir dəfə dovşan yeməkdən sonra gəzməyə çıxdı, qurbağa isə geniş bir banan yarpağının altına gizləndi və birdən oradan qorxunc bir səslə qışqırdı:

 

"Ong-ung!" Birma dilində "Kva-kva!"

 

Dovşan dəhşət içində yerindən göyə tullandı, havada çevrilib yerə düşdü və bacardığı qədər sürətlə qaçdı. Qaçarkən yolun kənarında bitmiş balqabağa dəydi. Zərbədən balqabaq sapından qoparaq yuvarlanmağa başladı. Yuvarlandı, yuvarlandı və axırda gedib küncüt tarlasına girdi. Nəticədə küncüt toxumları havaya uçdu. Bu zaman bir qırqovul tarla üzərindən uçurdu və bir küncüt toxumu onun gözünə girdi. Qırqovul kor-koranə bir bambuk ağacına oturdu. İncə bambuk əyilərək altında yatan ilanı əzdi. İlan qorxudan yerindən sıçradı və gedib dəydi ağzında xiyar çeynəyən bir qabana. Qabanın ağzındakı xiyar düşdü quyuya. Quyunun dibində isə Naqa adlı Əjdaha yatırdı. Bu xiyar parçası düşdü Naqanın başına və onu yuxudan oyatdı. Əjdaha çox qəzəbləndi.

 

Naqa quyudan atılıb qabana hücum etdi:

 

- İndi öldürəcəm səni!

 

- Ey ağam, - qaban yalvardı, - günahkar mən deyiləm! Mənə tərəf qaçan İlan idi ...

 

Naqa İlanı qovdu və tezliklə onu tutdu.

 

- Öləcəksən! - dedi.

 

- Ağam, mən bunu təsadüfən etdim! - İlan özünə bəraət qazandırmağa çalışdı - Məni əzən bambuk idi ...

 

Naqa bambukun yanına getdi və dedi:

 

- Sənin sonun gəldi!

 

- Hörmətli ağam , - ağac nalə çəkdi, - mənim bununla heç bir əlaqəm yoxdur! Məni əyən qırqovul idi ...

 

Naqa dərhal qırqovulun izinə düşdü:

 

- Ölməyə hazırlaş!

 

- Ey ağam, - qırqovul yalvarmağa başladı, - bunu qəsdən etmədim! Gözlərimi toxumla tıxayan küncüt idi - heç nə görmədim ...

 

Əjdaha küncütün yanına getdi:

 

- Həyatla vidalaş!

 

- Mənim bununla heç bir əlaqəm yoxdur, - küncüt xışıltı ilə dedi. - Məni silkələyən balqabaq idi.

 

Naqa balqabağı tapıb dedi:

 

- Ölümün yaxındır!

 

- Ancaq ağam, - balqabaq dedi, - Günah mənim deyil! Məni itələyən dovşan idi ...

 

Naqa dovşanı tapıb dedi:

 

- Ölüm sənə! Ölüm!

 

- Mənim günahım deyil! - dovşan ağladı – Bir daha bu baş verməyəcək! Banan yarpağının altındakı canavar məni qorxutdu ...

 

Naqa banan yarpağının altına baxdı. Ancaq qurbağa oranı artıq tərk etmişdir və orada heç kim yox idi. Naqa dovşanın üstünə cumaraq dedi:

 

- Ay balaca yalançı! Orada canavar yoxdur! İndi sənin sonun çatdı!

 

Yazıq dovşan onun qarşısında dayandı və başdan-ayağa başladı titrəməyə. Burnu da qorxudan yaman titrəyirdi. Dovşanın burnunun necə titrədiyini görən Əjdaha güldü, qəzəbi soyudu və quyusuna geri qayıtdı. O gündən bəri dovşanın burnu hələ də titrəyir.