İki ayı balası
İki ayı balası yağlı, iri bir pendir tapmışdı. Amma heç cür bölə bilmirdilər. Qorxurdular ki, birinə az, o birinə çox düşər. Bir tülkü onlara yaxınlaşıb dedi:
– Verin, mən bölüm.
Onlar pendiri tülküyə verdilər. Tülkü pendiri bərabər olmayan iki hissəyə böldü. Ayı balaları o saat qışqırdılar:
– Biri o birindən böyükdür!
Tülkü onları sakitləşdirdi:
– Dayanın, bu saat tən yarı bölərəm.
O, böyük hissədən bir parça dişləyib yedi, ancaq bu dəfə həmin hissə o birindən kiçik oldu. Tülkü pendir tikələrinə baxdı:
– Deyəsən, yenə bərabər deyil.
O, yenə böyük pendir tikəsini dişlədi. Ayı balaları bu dəfə də narazı qaldılar. Tülkü pendiri hey dişləyir, dişləyirdi. Ayı balaları isə burunlarını gah bu, gah da o biri tikəyə çevirib narazı qalırdılar.
Tülkü doyunca pendirdən yedi. Axıra iki balaca tikə qaldı.
– Alın, yeyin, az da olsa, bərabərdir, – deyə tülkü şələ quyruğunu qaldırıb öz yolu ilə getdi.
21.01.2021