Zahid Xəlil. Hop-hop
Azərbaycanda ilk jurnalı görkəmli ədibimiz Cəlil Məmmədquluzadə nəşr etdirmişdir. Bu jurnalın adı “Molla Nəsrəddin” idi.
Bir dəfə jurnalın əməkdaşı Ömər Faiq Nemanzadə redaksiyada oturub işləyirdi. Bir uşaq içəri girib ona bir məktub verdi və qaçıb getdi. Zərfin içindəki şeir idi. Mirzə Cəlil gələndə Ömər Faiq həmin məktubu ona verdi. Mirzə Cəlil şeiri öz jurnalında dərc etdi. Amma əsərin altında müəllifin adı yox idi.
Günlərin bir günü həmin uşaq yenə də məktub gətirdi. Özü də gözləməyib qaçdı. Ömər Faiq nə qədər çağırdısa, uşaq geri qayıtmadı. Məktubun içindən bu dəfə də imzasız şeir çıxdı. Bu şeir də xoşlarına gəldi. Jurnalda çap etmək istədilər, amma yenə də müəllifin adı yox idi. Onda Mirzə Cəlil dedi:
– Ömər Faiq, sən heç hop-hop quşu görmüsən? Meşədə yaşayan bu quş oxuduqca sanki “hop-hop” deyir. Başqa bir quş ona cavab verir: “Hop-hop”. Amma quşlar görünmür. Bu şair də həmin quşa oxşayır. Şeirləri gözəldir, amma özü görünmür. Gəl bu şeirin altından həmin quşun adını yazaq: “Hop-hop”.
Belə də etdilər. Çox sonralar bu şeirləri bir yerə toplayıb çap edən də də adını belə qoydular: “Hophopnamə”, yəni Hop-hopun məktubları. İndi hamı bilir ki, bu şairin adı Mirzə Ələkbər Sabirdir.
19.01.2021