Rafiq İsmayılov. Dostum Lətif
Mən Bakıdakı 158 nömrəli məktəbin 2-ci sinfində oxuyuram. Sinifdə ən yaxın dostum Lətifdir. Əvvəllər Lətifgilin ailəsi Gədəbəyin Poladlı kəndində yaşayırmış. Amma iki il bundan əvvəl onlar Bakıya köçüblər. İndi bizim qonşumuzdurlar. Lətifin atası Eyvaz əmi mühəndisdir, neft şirkətində işləyir. Anası Çiçək xala isə məktəbimizdə kitabxanaçıdır. Lətifin qardaşı Toğrul da bizim məktəbdə, 4-cü sinifdə oxuyur.
Mənim nənəm Lətifi çox istəyir. Eşidəndə ki Lətif bilik yarışmasında birinci yerə çıxıb, nənəmin ona hörməti daha da artdı. Bir dəfə Lətif bizə gələndə nənəm ona dedi:
– Yaxşı oxuyan uşaqlar gözümün işığıdır. De görüm, ad günün nə vaxtdır? Bu qoca nənən sənə qəşəng bir hədiyyə alsın.
Lətif bir az qızardı. Sonra yavaşca dedi:
– Mənim ad günüm Respublika Gününə təsadüf edir. Ona görə də bizim evdə ikiqat bayram olur.
Nənəm gülümsünüb dedi:
– Təki bütün balalarımız sənin kimi tərbiyəli, ağıllı olsun. Oğlum, bir de görüm, sən öz adının mənasını bilirsən?
Lətif bir az düşünüb cavab verdi:
– Yox, amma bilirəm ki, atam mənə öz atasının adını qoyub. Ona da vaxtilə babasının adını qoyublar. Elə soyadımız da həmin ulu babamın adı ilə bağlıdır. Qardaşıma da ana babamın adını qoyublar. Deyirlər, belə yaxşıdır.
– Düz deyirlər, bala, nəsildə adlar yaşamalıdır. Həm də sənin adının gözəl mənası var: xoş, mülayim, – deyə nənəm Lətifin başını sığalladı.
15.01.2021