Muğan
Muğan enlikürəkli, sağlambədənli, ağıllı, mərd və qoçaq bir oğlan idi. Qəbilə qızlarının çoxu ona vurulmuşdu. Muğan isə Zivər adlı bir qızı sevirdi. Hər ikisi bir obada böyümüş, at çapmış, qılınc oynatmışdılar. Əvvəllər oyun və yarışlarda bir-birinə üstün gəlmək üçün səy göstərər, sonra isə oyunu heç-heçə qurtarardılar. Muğan Zivəri görərkən qızarar, danışmağa söz tapmaz, nitqi tutulardı.
Atəşgahlarda dua mərasimi zamanı igidlərə xoşbəxtlik arzulanardı. Gündoğan ölkənin xalqı bu iki cavanla öyünər, fəxr edərdi. El ağsaqqalları iftixarla deyərdilər:
- Bizim Muğanımızın canı nə qədər sağdır, adamlarımız azad gəzəcək, sürümüz arxayın otlayacaq, yamyaşıl meşələrimiz, durnagözlü bulaqlarımız, cüyürlü çöllərimiz yadellilərin tapdağını görməyəcəkdir.
Bax Muğan elin hörmətini, məhəbbətini belə qazanmışdı. Xoşbəxtlik saatı yaxınlaşırdı. Lakin el adəti var idi. Onu icra etməyincə toy adətinə başlamaq olmazdı. İlk növbədə, oğlan və qız nəsli yoxlanardı, qohumları öyrənilərdi. El adətinə görə, qohumla ailə qurmaq olmazdı. Sonra “məhəbbət” sınağı başlanardı. Son sorğu və son söz qızın atasının idi. Zivərin atası vəfat etmişdi. Odur ki bu işi el anası icra etməli idi. Ana Muğanı el ağsaqqalları qarşısında qəbul edib deyir:
- Mən bu qohumluğa razıyam. Lakin izdivacla əlaqədar bir tələbim var: bizim el alaçıqlarda və bir-birindən çox aralı yaşayır. Düşmən hücum edərkən sığınacaq yerimiz olmur. Muğan, sən küçələri enli, ətrafı hasarlı bir şəhər salmalısan. Şəhər çay üzərində, dəniz kənarında salınmalıdır. Bax bundan sonra mən öz qızımın toyuna razılıq verəcəyəm.
Şəhər salmaq asan deyildi, özü də çox vaxt tələb edirdi. Muğan ruhdan düşdü.
Ağsaqqallar ona ürək-dirək verdilər:
- Oğul, qorxma. Bizim xalq əməksevərdir, səni darda qoymaz. Biz elliklə qolumuzu çırmalayıb daş daşıyarıq, gözəl bir şəhər salarıq. “Elin gücü, selin gücü”, - demişlər.
Muğan ruhlandı, hamı qolunu çırmalayıb işə girişdi. Elin gücü ilə ətrafı qırmızı kərpicdən hörülmüş bir şəhər salındı. Şəhərin darvazası Xəzərin ləpədöyəninə açıldı. Şəhər dənizin yanında tikildi. Bundan sonra toy məclisi başlandı.
Xalq bu təzə şəhəri öz igid və qəhrəman oğlunun adı ilə “Muğan” adlandırdı.