Bu maraqlıdır!

Gecə və gündüzün növbələşməsi

Yer öz xəyali oxu ətrafında qərbdən şərqə doğru fırlanır və qlobusun köməyi ilə bu hərəkəti izləmək mümkündür. Yerin oxu Yer kürəsinin mərkəzindən və qütblərdən keçən xəyali xətdir.

 

Yer kürəsinin öz oxu ətrafında hərəkəti 24 saata başa çatır. Bu dövr sutka adlanır. Yerin işıqlanan tərəfində gündüz olanda əks tərəfdə gecə olur. Onların arasında isə səhər və axşam vaxtları müşahidə edilir. Yerin öz oxu ətrafında fırlanması müxtəlif ölkələrdə vaxt fərqlərinin yaranmasına səbəb olur. Dünyanın müxtəlif ərazilərində günün işıqlı və qaranlıq vaxtının müddəti eyni deyildir. Ekvator boyunca il ərzində gündüz və gecənin uzunluqları bərabər olur. Qütblərə yaxın ərazilərdə isə işıqlı vaxtın müddəti yarım ilə qədər uzanır. Digər yarım ilə qədər isə Günəş görünmür.

 

Yerin sutkalıq hərəkəti təkrarlanan, yəni ritmik prosesdir. Yer üzərində yaşayan canlı aləm, əsasən, ona uyğunlaşmışdır. Təbiətdə canlıların yuxu rejimi, həyat fəaliyyəti gecə-gündüzlə nizamlanır. İnsanların iş vaxtı, təhsil müəssisələrinin fəaliyyəti, radio və televiziya verilişləri proqramları da sutkanın vaxtına uyğun tənzimlənir.