Gülşən Orucova. Nə daha yaxşıdır
Balaca bir qız anasına sual verməyi çox sevirdi:
– Ana, hansı daha yaxşıdır: alma, yoxsa armud? Qızılgül, yoxsa çobanyastığı? Su, yoxsa şirə?..
Ana böyük səbirlə cavab verirdi, amma suallar getdikcə çoxalır, ananın səbri tükənirdi. Axı necə demək olar, hansı yaxşıdır: top, yoxsa gəlincik?
Bir dəfə qız yenə soruşdu:
– Ana, mahnı yaxşıdır, yoxsa nağıl?
Ana dedi:
– Əvvəl sən mənə de görüm, səma yaxşıdır, yoxsa günəş? Sonra mən sənin sualına cavab verərəm.
Qız çox düşündü. Açıq səmaya da baxdı, parlaq günəşə də. Hər ikisi gözəl, bir-birindən ayrılmaz idi. Ona görə də heç nə deyə bilmədi.
Bundan sonra qız daha soruşmurdu ki, nə yaxşıdır. Soruşurdu ki, nağılı niyə sevirlər? Mahnının nəyi yaxşıdır? Ana da böyük həvəslə onun suallarına cavab verirdi.
07.01.2021