Zahid Xəlil. Tam məxfi
Samirənin atası xəstələnmişdi. Evə həkim çağırmışdılar. Samirə qapının ağzında həkimin sözlərini eşitdi:
– Ürəyiniz çox zəifləyib. Çalışın əsəbiləşməyəsiniz. Hər şeyə görə qanınızı qaraltmayın.
Ertəsi gün Samirə dərslərdə çox diqqətsiz idi. Heç cür fikrini bir yerə toplaya bilmirdi. Müəllimin ona verdiyi suallar cavabsız qalırdı.
Dərs qurtaranda müəllim ona bir zərf verdi.
– Anana çatdırarsan, – deyib gülümsündü.
Zərfin üstündə, yuxarı tərəfdə yazılmışdı: “Samirənin anasına çatacaq”. Ondan aşağıda isə daha iki söz var idi: “Tam məxfi”.
Samirəni fikir götürdü: “Məxfi... məxfi... Haradasa bu sözü eşitmişəm. Görəsən, nə deməkdir?”
Samirə evə çatanda atası yataqda idi. Samirə atasına yaxınlaşıb üzündən öpəndə ona elə gəldi ki, cibindəki zərf xışıldadı. Tez otaqdan çıxıb mətbəxə keçdi. Anası şam yeməyi üçün hazırlıq görürdü.
– Anacan, “tam məxfi” nə deməkdir? – deyə Samirə soruşdu.
– Yəni bu məlumatı başqaları bilməməlidir. Məlumat kimə aiddirsə, yalnız o bilməlidir.
– Əgər sənə kimsə belə bir məktub yazsa, oradakı məlumatları heç kim, hətta ata da bilməməlidir, eləmi?
Anası bir anlıq işini saxlayıb həyəcanla Samirəyə baxdı:
– Nə olub ki?
– Anacan, bilirsən... müəllim sənə bir məktub göndərib...
Ana “Tam məxfi” sözlərini görüb tez zərfi açdı. Məktubda yazılmışdı: “Bu gün Samirə dərslərdə çox diqqətsiz idi. Nə isə baş verib? Xahiş edirəm, mənimlə əlaqə saxlayasınız”.
Ananın ürəyi yerinə gəldi. O, nəvazişlə qızına baxdı:
– Əmin ol ki, məxfiliyə əməl edəcəyəm. Amma sən də dərslərində diqqətli ol.
29.12.2020