Şeirlər

Nigar Rəfibəyli. Qış

Saqqalı ağ, saçı ağ,
Ağaca dayanaraq
Gəldi qocalmış baba,
Şaxta baba, qış baba.

 


Ucaldaraq səsini,
Oxudu nəğməsini:
“Mən gələndə yağar qar,
Məndə min cür oyun var.

 


Şirindir qar oyunu,
Sevər uşaqlar bunu.
Qarlı bir qış axşamı
Xoşdur yolka bayramı.

 


Məndə nələr var, nələr!
Sevər məni nəvələr.
Körpələr də beşikdə,
Sevər Məstan pişik də.

 


Soyuq qış axşamında
İsti soba yanında
Nağıl deyər nənələr,
Qulaq asar nəvələr”.