Dilrüba Cəfərova. Ayaqdöymə
Musiqi alətləri üç növə ayrılır: zərb alətləri, nəfəs alətləri və simli alətlər. Qədimdən bəri Azərbaycanda hər üç növdə musiqi alətləri geniş yayılmışdır. Zərb alətlərinin kökü hətta ibtidai insanların yaşadığı dövrə gedib çıxır. Bu dövrdə insanlar müəyyən vasitələrlə ritmlər yaradırdılar. Belə vasitələrdən biri də ayaqdöymə idi.
Ayaqdöymə ritmlərini yaratmaq üçün əcdadlarımız qazılmış quyunun üzərinə quru ağac döşəyirmişlər. Ağacın üstünü isə tarım çəkilmiş heyvan dəriləri ilə örtürmüşlər. Sonra onun üzərinə çıxıb ayaqları ilə döyəcləyirmişlər. Bu zaman çeşidli səslər çıxırmış. Həmin səslər ilk musiqi ritmləri idi. Alimlər güman edirlər ki, ilk zərb alətləri belə yaranmışdır.
Azərbaycanda ilk zərb alətlərindən biri qavaldaşdır. Qobustanda yerləşən qavaldaş iri bir qaya parçasıdır. Onu əl, ayaq, yaxud hər hansı əşya ilə döyəclədikdə ətrafa musiqili səslər yayılır. Qədim zərb alətlərimiz arasında böyük nağaranın, qoşanağaranın, dəfin adlarını çəkmək olar. Onların hər biri fərqli səslərə malikdir.
26.12.2020