Rafiq İsmayılov. Bayraqlar
Bayrağın yaranmasının tarixi qədimdir. Əvvəllər bayraqları gəmilərdə qaldırırdılar. Limana yan alan gəmi öz bayrağını dorağacından asırdı. Şəhər əhalisi gəminin sahibini bayrağından tanıyırdı.
Bayraqdan döyüşlərdə də istifadə edirdilər. Qoşunlar üz-üzə gələndə bayraq qaldırırdılar ki, bir-birini tanısınlar. Bayrağı ən cəsur döyüşçü aparırdı. Ona bayraqdar deyirdilər. Bayraqdarı düşməndən qoruyurdular. Çünki bayrağın yerə düşməsi ordunun məğlub olması demək idi. Bəzən döyüşən tərəflərdən biri ağ bayraq qaldırırdı. Bununla da həmin tərəf bildirirdi ki, təslim olmaq və ya danışıqlar aparmaq istəyir.
Zaman keçdikcə bayraqlar xalqların, dövlətlərin simvoluna çevrildi. Bu gün dünyada hər bir dövlətin öz bayrağı var. Bu bayraqlar rənginə və üstündəki nişanlara görə fərqlənir. Müxtəlif görüşlərdə, idman yarışlarında da bayraq qaldırılır. Bununla da hər bir iştirakçının hansı ölkədən olduğu bilinir.
25.12.2020