Şeirlər

Alməmməd İsgəndərli. Ulu türkün elində

Üçtelli saz çiynində,
Misri qılınc əlində.
Qəhrəmanlıq göstərib
O, Qıratın belində.


Dəliləri car olub,
Arxası Nigar olub.
Paşalar zinhar olub
Koroğlunun əlində.


Qartallardan dərs alıb,
Çənlibeldə yurd salıb.
Döyüşdə də saz çalıb,
O qorxmayıb ölümdən.


Haqqı haqqa yetirib,
Haqq haraya səs verib.
Çox igidlik göstərib
Ulu türkün elində.