Şeirlər

Seyran Cavadov. Əbədi yaşarsınız

Siz ey Vətən yolunda şirin canından keçib,

İgidliyi, mərdliyi özünə amal seçib,

Ömrün bahar çağında həyatdan erkən köçüb,

Ölümüylə bu yurdu, torpağı yaşadanlar,

Yaşayan hər ömürdə qanınız, canınız var!

 

 

Səs verdiniz Vətənin harayına, səsinə,

Yüksəldiniz müqəddəs şəhidlik zirvəsinə.

Məzarınız dönübdür ziyarət türbəsinə.

İnanın, and içirik, qanınız alınacaq,

Xatirəniz, ruhunuz həmişə anılacaq!

 

 

Bir ata övladından el oğluna döndünüz.

Kim deyər ki, öldünüz, kim deyər ki, söndünüz?!

Gələcək nəsillərə yetişəcək ününüz.

Siz bu gün də, sabah da - əsrlərlə varsınız,

Bu yurdun sinəsində  vüqarsınız, dağsınız!

 

 

Siz yazdınız millətin taleyini qan ilə,

Sinənizdə yurd saldı yurda atılan güllə.

Məzarınız tutulur min çiçəyə, min gülə.

Tərsiniz çiçək kimi, həmişə baharsınız!

Azərbaycan köksündə əbədi yaşarsınız!