Şeirlər

Vasif Süleyman. Vətən, gözün aydın!

Vətən, gözün aydın, balan yanında,
O da ki alınmaz  qalası ola...
Hamı arzulayır, Azərbaycanı,
İllah, Şuşa adda balası ola...


 
Dünyanın ən gözəl səfər yolları
Şuşaya qayıdış köçündən keçir.
Bircə yol, Şuşanı görəmməmişdim,
İndi qarış-qarış içimdən keçir.


 
İndi ürəyimdə çağlayan qandır,
Ömrü vurammazdım başa, bilirəm.
İstəsən bir anlıq ömrü dayandır,
Daha dörd tərəfi Şuşa bilirəm.


 
Silmə yanağından göz yaşlarını,
Ürəklər qəhərlə dolsun, nə olar...
Silək təqvimlərdən 8-i mayı,
8-i noyabr olsun, nə olar...


 
Daha at oynada bilməyir naşı,
Nə də ki Şuşanın başı dumandır.
Şuşa Qarabağdır, torpağı, daşı,
Necə ki, Qarabağ Azərbaycandır,
 


Əsgər biləyində gələn xəbərin,
Sevinci ürəkdə, nuru gözdədir.
Ürək pıçıldayır dərindən-dərin,
Bircə kəlmə deyir: Şuşa bizdədir!


 
Vətən gözün aydın, balan yanında,
O da ki alınmaz  qalası ola...
Hamı arzulayır, Azərbaycanı,
Bir də Şuşa adda balası ola...