Teymur Elçin. Delfinin laylası
Ov edib gedirdi
Balıqçı qayığı.
Dalınca düşmüşdü
Bir köpək balığı.
Sən demə delfinlər
Güdürmüş bayaqdan.
Qovdular uzağa
Balığı qayıqdan.
Qayıdıb getdilər
Hərəsi bir yana,
Qaldılar o yerdə
Bir bala, bir ana.
Qayığın yanında
Görəndə delfini,
Qayıqçı tez onun
Soruşdu kefini.
Bu delfin elə bil
Qayığı qucurdu,
Sevincdən quş kimi
Az qala uçurdu.
Bir dəcəl uşaqtək
Qururdu min oyun,
Qayıqla az qala
Olurdu qol-boyun.
Bir yerdə üzdülər
Qaranlıq düşüncə,
Laylası bu oldu
Delfinin o gecə:
- A mənim ilkin balam,
Balaca delfin balam,
Göy sular yerin olsun,
Delfin balam, yat!
Qaçma ora-bura sən,
Tez düşərsən tora sən.
Ağıllı ol, can balam,
Göyçək, mehriban balam,
Delfin balam, yat!
19.11.2020