Bu maraqlıdır!

Butan Krallığı

“Əjdaha ölkəsi” kimi tanınan Butan Krallığı — Cənubi Asiyada dövlətdir. Paytaxtı - Thimphu şəhəridir. Ümumi sahəsi - 38,394 km², əhalisi - 758,7 min nəfərdir (2013-cü il üçün). Butanın dənizə çıxışı yoxdur. Şimal və şimal-qərbdə Çin ilə, cənub, cənub-qərb və şərqdə isə Hindistanla həmsərhəddir.


Rəsmi dili - dzonqke (bhotiya) dili, pul vahidi nqultrumdur. 


İnzibati cəhətdən 20 dzonqa (əyalətə) bölünür. Butan BMT-nin (1971), SAARK-ın (Cənubi Asiya regional əməkdaşlıq assosia- siyası; 1985), BVF-nin (1981), BYİB-in (1981), ÜTT-nin (müşahidəçi qismində) üzvüdür.


Butan unitar dövlətdir. İdarəetmə forması məhdud monarxiyadır; formal yazılı konstitusiyası yoxdur. 1998-ci ilin iyulunda dövlət quruluşunun islahatı keçirilmişdir. Kral hökumət başçısı vəzifəsindən imtina etmiş, dövlət başçısı vəzifəsini, həmçinin dövlət təhlükəsizliyi ilə bağlı ən mühüm məsələlərin həlli zamanı səlahiyyətlərini özündə saxlamışdır. Qanunverici hakimiyyət krala və parlamentə — Milli məclisə (Sonqdu) məxsusdur. 


Əhalinin etnik tərkibi: Budanlılar %50, Nepal mənbəlilər %35, yerli və köçəri qəbilələr %15. 


Butan knyazlığında əhalinin 75 faizi (ilk növbədə ölkənin əsas xalqı-bxoti) qırmızıpapaq lamaizmə etiqad edirlər. Ölkənin cənubunda Nepaldan və Hindistandan gələn induizm dininin ardıcılları (əhalinin 25 %)da vardır.


Butanın tarixi VII-ci əsrdə Tibetdən buddizmin yayılması ilə sıx bağlıdır. Sonrakı bir neçə əsr ərzində Butanın münbit vadiləri Tibetdən gəlmələr tərəfindən məskunlaşmışdır. Butanda Tibet lamaları tərəfindən çox sayda monastırın əsası qoyulmuşdur. Onlardan ən iriləri XVI-cı əsrə aiddir və Tibet buddizminin bir neçə qolu ilə bağlıdır. Butan dövləti XVII-ci əsrin əvvəllərində buddizmin müxtəlif cərəyan və məktəblərinin dünyəvi və dini hakimiyyət uğrunda mübarizəsi gedişində meydana gəlmişdir. Butanın banisi Tibet rahibi Şabdrunq Nqavant Namqyal (1594-1651) hesab olunur.


Butanın ərazisi Şərqi Himalay dağlarının cənub yamacının çətin keçilən yüksək dağlıq hissəsindədir. Səthi Brahmaputra hövzəsi çaylarının dərin dərələri ilə kəskin parçalanmışdır. Cənub sərhədi boyu dar zolaq şəklində dağətəyi allüvial düzənliklər (duarlar) uzanır. Ölkənin cənub hissəsini təpəli öndağlıqlar, mərkəzini Kiçik Himalay dağlarının submeridional qolları (hünd. 4840 m-ədək), şimalını isə Böyük Himalay dağlarının qolu (Kula-Kanqri d. 7554 m., Butanın ən yüksək nöqtəsi) tutur. Tektonik cəhətdən Butanın ərazisi Kaynozoyun Alp-Himalay mütəhərrik qurşağına aiddir. Dəmir, qurğuşun və mis filizlərinin, daş- duz, mika və mərmərin kiçik yataqları məlumdur.


Ərazisinin böyük hissəsinin iqlimi rütubətli mussondur. 


Butanın ərazisinin təqribən 65%-ini 3300-3800 m-ədək yüksəklikdə bitən meşələr tutur. Butanın cənubunda yarpağınıtökən — həmişəyaşıl meşələr (kastanopsis, şima, ağacabənzər qıjılar), bəzi yerlərdə yarpa- ğınıtökən sal meşələri yayılmışdır. Ölkənin mərkəzi hissəsi üçün səciyyəvi olan 1800-2600 m yüksəklikdə həmişəyaşıl palıd və yarpağınıtökən ağac cinslərindən (ağcaqayın, tozağacı və s.) ibarət meşələr daha yüksəkdə iynəyarpaqlı meşələrlə (Himalay şamı, küknar, Himalay tsuqası, ağşam) əvəz olunur. Meşənin yuxarı sərhədi, əsasən, rododendronlardan (50 növ- dən çox) və ardıclardan ibarətdir. 4000-4600 m yüksəklikdə Alp çəmənlikləridir.


Uzun illərdir dünya Butanın mövcudluğundan xəbərsiz idi və bu ecazkar krallığın qapıları yalnız 1974-cü ildə dünyaya az da olsa açıldı. Ölkə daxilində təkbaşına səyahət etmək qadağandır və buraya yalnız yerli turizm şirkətlərindən birindən tur almaqla gəlmək mümkündür.