Nağıllar, hekayələr

Bisset Donald. Zolaqlarını itirmiş balaca pələng balası Binki

Bir gün, ana Pələng şirinçörək bişirməyə qərar verdi. Xəmiri yoğuranda un və şəkər tozu mətbəxin hər tərəfinə yayıldı.


Elə bu vaxt Binki - pələng balası dünyaya gəldi. Ana pələng ona baxdı və təəccübləndi:


Sənin zolaqların hardadır? – ana pələng öz-özünə dedi.  Heç bir şey olmaz, səni zolaqsız da sevəcəyik!


Ancaq Binki, pələnglərin zolaqlı olduğunu bilirdi və vaxt itirmədən  zolaqlarını axtarmağa getdi.


İlk qarşısına çıxan Hərbçi oldu. Hərbçinin qolunda üç zolaq vardı.


- Zəhmət olmasa zolağın birini mənə verin! - deyə Binki hərbçidən xahiş etdi.


- Hərbçilərə müraciət edərkən düz dur! - əsgər pələng balasına qışqırdı.

- Əlavə zolağım yoxdur!


Binki qaçaraq oradan uzaqlaşdı. Qarşısına dəmir bir hasar çıxdı. Kimsə hasarı boyayırdı. Adam gedəndən sonra Binki əvvəlcə bir tərəfi ilə, sonra digər tərəfi ilə hasara söykəndi. Boya pələng balasının dərisinə yapışdı və nəticədə Binki  zolaqlı oldu.


Binki anasına zolaqlarını göstərmək üçün evə qaçdı. Ancaq hava çox isti olduğundan boya əriyib yerə tökülməyə başladı, tezliklə Binki yenə zolaqsız qaldı.


Binki bikeflədi.


Bir az keçmişdi ki, pələng balasının qabağına Zebra çıxdı. Binki təəccüblə donub qaldı: Bir tək kürəyində nə qədər zolaq var?! - öz-özünə düşündü.


Ədalətsizlikdir! Binki yerə oturdu və acı-acı ağlamağa başladı.


- Nə olub, balaca? - Zebra ondan soruşdu.


- Ni ... ni ... niyə mən zolaqlı deyiləm? - deyə Binki şikayət etdi.


- Yazıq balaca, - Zebra dedi və pələng balasını mehribancasına yaladı. - Xoş dadın var! və yenidən yaladı – Tort kimi dadlısan!


Onu təkrar-təkrar yaladı və birdən-birə Binkinin arxasında qara zolaqlar görünməyə başladı.


Binki evə anasının yanına qaçdı və qışqırdı:


- Urrra! Ana! Mən artıq zolaqlıyam!


- Doğrudan? - Pələng ana sevindi. 


– İndi yadıma düşdü.....sən dünyaya gələn zaman ətrafa un və şəkər tozu səpələnmişdir.


Ana pələng çox sevindi və Zebranı bir stəkan çay içməyə dəvət etdi.


Çay üçün Zebra bir dəstə saman, Binki isə bir parça şirin tort yedi.