Şeirlər

Etibar Vəliyev. “Mən əsgər andını içib gəlmişəm”

Çəkil yağı düşmən Qarabağımdan,
Şuşa qalasından, uca dağımdan. 
Çəkil qabağımdan, keç qabağımdan, 
Mən əsgər andını içib gəlmişəm.

 

Sülh deyib, sizlərə zaman vermişik. 
Sən demə zalıma aman vermişik. 
Apreldə cavabın yaman vermişik, 
Mən əsgər andını içib gəlmişəm.

 

Xocalı, Xocavənd, Xankəndi mənim, 
Zəngilan, Cəbrayıl başımda çənim, 
Ağdərə, Qubadlı yuxuma qənim, 
Mən əsgər andını içib gəlmişəm.

 

Ağdam, Fizulidən keçib gələrəm, 
Kəlbəcər, Laçına səcdə edərəm,
Mən cavan Heydərəm, baba Heydərəm, 
Mən əsgər andını içib gəlmişəm.

 

İtə hörmət etdik yiyəsi görə
Yiyəsi də sevir tərsinə görə,
Qoy düşmən mən təki tər sinə görə, 
Mən əsgər andını içib gəlmişəm.

 

Qələbə müjdəsi, sorağı məndə, 
Canım Azərbaycan bayrağı məndə, 
Haqqın, ədalətin yarağı məndə, 
Mən əsgər andını içib gəlmişəm.

 

Xəstədi, düşmənin vardı mərəzi, 
Anamla etmişəm razi-niyazi, 
“Ya şəhid olaram, ya da ki qazi,” 
Mən əsgər andını içib gəlmişəm.