Bu maraqlıdır!

Şüşə nədən və necə hazırlanır?

Şüşə ilə tanışlığımızı bir sual və onun cavabı ilə başlayaq: Şüşəni nədən hazırlayırlar? Şüşənin tərkibi çox sadədir – yəni kvars qumu, soda və əhəngdən ibarətdir.
 
Təbii ki, əgər bu maddələri bir yerə töküb qarışdırsaq şüşə əmələ gəlməyəcək. Bunun üçün xüsusi soba lazımdır. Çünki kvars qumu çox yüksək hərarətdə – 1700 dərəcə istidə əriyir. Bax burada köməyə soda çatır. Onun köməyi ilə qumun ərimə temperaturunu yarıbayarı azaltmaq olur.
 
Şüşənin tərkibində daha bir vacib komponent isə əhəngdir. Onu şüşəyə sudan “qorxmamaq” üçün əlavə edirlər. Axı adi pəncərə şüşəsi yalnız qumdan və sodadan ibarət olsa elə birinci yağışda əriyə bilər! Əhəng isə şüşəyə möhkəmlik gətirir.
 
Şüşələr təkcə rəngsiz və şəffaf olmur. Əgər ərimiş şüşə kütləsinə müxtəlif metalların oksidini əlavə etsək, bu zaman rəngli şüşə əmələ gələr. Məsələn, dəmir oksidi şüşəyə qırmızı, nikel oksidi bənövşəyi və ya qəhvəyi, uran oksidi isə sarı rəng verir. Mis və ya xrom vasitəsi ilə yaşıl rəngin müxtəlif çalarlarını almaq olar.
 
Artıq siz şüşənin nədən və necə hazırlandığını bildiniz. Lakin şüşə ilə bağlı daha bir çox maraqlı faktlar da var. Məsələn, Orta əsrlərdə Venesiya şəhərinin ustaları xüsusən gözəl və incə şüşə məmulatlar – qab-qacaq və bəzək əşyaları düzəltməyi öyrənmişdilər. Həddən artıq bahalı məmulatların hazırlandığı şüşənin sirrini heç kəs bilməsin deyə ustaları Murano adlanan adada gizlədirlər. Onlar ətraf aləmdən təcrid olundular ki, heç kimlə ünsiyyət qura bilməsinlər. Adada yaşayan şüşəüfürənlərin hazırladığı Murano şüşəsinin şöhrəti getdikcə Venesiyanın hüdudlarından kənara çıxır.
 
İllər ötdükcə şüşədən nəinki qab-qacaq, bəzək əşyaları və güzgü istehsalında, həmçinin elmi cihazların hazırlanmasında da istifadə etməyə başlayırlar. İnsanlar qabarmış şüşənin işıq şüalarını yığıb və ya dağıtmaq xüsusiyyətini kəşf etdikdən sonra ondan linzalar hazırlamağı öyrənirlər. Hazırda böyüdücü şüşədən hazırlanan belə linzalar adı eynəklərdən tutmuş, mikroskop və teleskopa qədər bütün optik cihazlarda istifadə olunur.