Şeirlər

Mirmehdi Seyidzadə. "Eynək"

Eynəyini siləndə
Qocanın əli əsdi.
Eynəyi yerə düşdü.
O yazığın, elə bil,
Gözlərində bir anlıq,
Hər yan zülmətə döndü.
Aləm oldu qaranlıq.

 

Kitabları əlində
Dərsdən gəlirdi Elşən.
Qocanın eynəyini
O tez götürdü yerdən.
Silib dedi: Al, baba !
Alıb eynəyi taxdı,
İşıq gəldi gözünə.

 

Qoca ətrafa baxdı,
Dedi: Sağ ol, ay bala!
Sən verdin eynəyimi,
Elə bil ki, qaytardın
Mənə göz bəbəyimi.