Mətanət Ulu Şirvanlı. Nənə və tutuquşu
Ya Əlidi, ya Vəli,.
Kim ağıllı, kim dəli,
Nağıllar ölkəsində
Kim sağ qalır, kim ölü?
Bir qarı nənə yol ilə gedirdi. Yol kənarında əlində tutuquşu tutan oğlan yüyürüb qarıya çatıb, soruşdu:
– Qarı nənə, hara gedirsən?
– Neyləyirsən, a bala, çıx get yolunla.
Oğlan əl çəkmir.
Nənə hirslə:
– Cəhənnəmə gedirəm, əl çək-deyir.
Tutuquşu dillənir:
Olmaz... olmaz...
Oğlan yenidən dillənir:
– Nənə, nə istəyirsən?
Nənə:
– Ölmək istəyirəm, – deyir.
Tutuquşu dillənir:
– Olmaz... olmaz...
Oğlan soruşur:
– Qarı nənə, harda ölmək istəyirsən?
Nənə dillənir:
– Evimdə.
Tutuquşu dillənir:
– Olmaz... olmaz...
Oğlan:
– Nənə, daha nə istəyirsən?
Qarı nənə deyir:
– Bu tutuquşunun ətini yemək istəyirəm.
Tutuquşu həyacanla:
– Olmaz, olmaz, aman, olmaz!
Nənə, tutuquşunun qorxduğunu görüb gülür.
– Ay tutuquşu, niyə olmaz olmaz salmısan axı?
Tutuquşu qanadlarını yanlarına çırpıb dillənir:
– Nağılın qalıb, danışmamısan, oğlandan halını soruşmamısan, baba da səndən dünəndən küsüb, babayla hələ barışmamısan, evində ölsən uşaqlar qorxar.
Bax, buna görə də,
Olmaz... olmaz... qarı nənə, olmaz...
Nənə deyir:
– Ay tutuquşu, sən bunları hardan bilirsən?
Tutuquşu:
– Uça bilmirəm, amma gəzirəm, babayla səni hər gün görürəm. Ay nənə, səndən çox şey demirəm, tək bircə dəfə nağıl diləyirəm. Nağıl deməmiş, amandı, ölmə, ölmə!
Nənə güldü. Tutuquşuya dedi:
Qonaq gəl axşam bizə,
Xaşıl bişirim sizə.
Bir də hər gün bolluca,
Nağıl deyərəm, sizə.
Tutuquşu sevinir və deyir :
– Sağ ol ay nənə, sağ ol,
Var ol, ay nənə, var ol!
Uşaqlar, haydı, haydı, qarı nənə sağdı, biz də gedək qonaqlığa! Nənə bizi gözləyir, bizə nağıl danışacaq!
06.05.2020