Mirmehdi Seyidzadə. Dostum
Mənim bir dostum var ki,
Ayrılmır ondan ürək.
Söhbət edib görüşək
Dostumla hər gün gərək.
Maraqlı söhbətləri
Necə də şirin olur.
Sahilsiz dəniz qədər
Sözləri dərin olur.
Açır Yerin sirrini,
Öyrədir ulduzları.
Təsvir edir payızı,
Yayı, qışı, baharı...
Çaylardan, dənizlərdən,
Bulaqlardan danışır.
Meşələrdən, düzlərdən,
Yaylaqlardan danışır.
Onun böyük hünər
Dağlar qədər qəlbidir.
Hər alimin, ədibin
Qəlbi onun qəlbidir.
Kim sevməz belə dostu -
Ki, var min bir hikməti.
Kimin olmaz kitaba
Hörməti, məhəbbəti?