Tofiq Mütəllibov. “Axı necə desin ki...”
Nənə nağıl danışır:
- Bir gün balaca cırtdan...
- Dünən onu danışdın,
Yoxsa çıxıb yadından.
- Deyim Buratinodan?
- Söyləmisən, ay nənə.
- Onda göyçək Fatmadan
Danışım bu gün sənə.
- Onu əzbər bilirəm...
- Bəs “Tıq-tıq xanım” necə?
- Yoxsa yadından çıxıb,
Danışdın dünən gecə.
- Sənə divdən danışım,
Dişləri qaya kimi,
İstəsə qalxa bilər
Ulduza, aya kimi...
Nəvə qəh-qəh çəkərək,
Deyir: güldürdün yaman
Div də kosmonavt olub
Söylə görək, nənəcan?
- Bir gün Qırmızıpapaq...
- Saxla, saxla, ay nənə,
Demisən üç gün qabaq...
Sualları tükənmir
Bu balaca nəvənin.
İndi deyəcəksən ki,
Qanadı var dəvənin.
- Uçan xalçadan deyim?
- Heç elə də şey olar?!
Nənəni çaşdırıbdır
Bu sorğular, suallar.
Köhnə nağıllarım
Dinləyən yox, yozan yox.
Axı necə desin ki,
Daha nağıl yazan yox.
19.03.2020