Aid və Persefona əfsanəsi
Yeraltı dünyanın və ölülərin tanrısı olan Aid Zevs və Poseydonun qardaşı, Persefonanın əridir.
Yer altının bütün xəzinəsi Aidin olduğu üçün Romalılar onun adını dəyişib Pluton qoymuşdur.Arvadı Persefona isə insafsız tanrılar olaraq yadda qalıblar.
Aid arzuolunmaz, dəhşətli bəzən də "qonaqpərvər", "əliaçıq" tanrı kimi tanınırdı. Homer onu yeraltı Zevs adlandırırdı. O, müxtəlif rəvayətlərdə sehirli, onu gözəgörünməz edən papağı ilə xatırlanır. Bu papağı ona, onları azad etdiyinə görə təpəgözlər hədiyyə etmişdilər.
Elə aid sözünün mənası da "görünməz" deməkdir. Aidin özünəməxsus "Bident" adlı iki uclu əsası var. Onun bir ucu ölümü digəri isə həyatı təmsil edir. Yer altı sərvətlərin sahibi olduğu üçün olduqca varlı tanrıdır. Idin yeraltı səltənətinə düşən heç bir canlının yer üzünə qayıtmaq şansı yoxdur. Yalnız 4 insan( Odissey,Orfey,Tesey və Herakl) Aidin yanından yer üstünə qayıtmağı bacarmışdır. Qorxunc və amansız olsa da sözündən dönməzdir.
Haqqında ən çox tanınan mif Persefonanı qaçırması ilə bağlıdır.
Aidlə əlbir olan Zevs onu oğurlamaq üçün Geyaya müraciət edir. Geya bu məqsədlə çəmənlikdə çox gözəl və cəlb edici nərgiz gülü bitirir. Persefona öz rəfiqələri ilə çəməndə çiçək toplarkən həmin nərgizin cazibəsinə düşüb onu üzmək istəyir. Qəflətən yerin tərki aralanır və Aid öz arabası ilə peyda olaraq onu yeraltı səltənətinə qaçırdır.
Qəm və kədərdən üzülmüş Demetra doqquz gün qızını axtarır. Kömək üçün Heliosa müraciət edir. Göydən yerin nəzarətçisi olan Helios ona qızının Aid tərəfindən qaçırıldığını deyir. Zevsin də bu işdə əli olduğunu bilən Demetra Olimpi tərk edir.
Tam üzülmüş halda uzun-uzadı sərgərdanlıqdan sonra o, Elevsin deyilən bir yerə çatır. Burada o, sadə insan cildinə girərək çarın misafirpərvərliyi qarşısında onun oğlu Demefontanın tərbiyəsi ilə məşğul olur. Demetra Demefontanı ölməz etmək üçün onu gecələr odun üstündə saxlayır. Uşağın anası Metanira bunu görcək haray salır. Bu zaman Demetra öz həqiqi cildinə qayıdır. Bunu görən Elevsina əhli onun şərəfinə məbəd ucaldır.
Demetra bu məbəddə qapanaraq bütün gecələri qızına yas saxlayaraq ağlayır və yer üzərindəki bütün bitkilər solmuş olur. Bunu görcək Zevs qardaşı Aidə Persefonanı buraxmağı tövsiyə edir. Aid razı olur, amma Persefonaya getməzdən əvvəl yemək üçün nar dənəsi verir: bu o deməkdir ki, Persefona mütləq ərinə geri dönəcəkdir. Beləliklə məsələ həll edilir: ilin dörd ayını Persefona əri ilə, qalan səkkiz ayını isə yer üzərində anasının yanında keçirməli olur.
Persefonanın anasının yanında olduğu aylar Yer üzündə bolluq, bərəkət olur. Ərinin yanına qayıtdıqda isə Demetra ağlayıb sızlayır və Yer üzü soyuğa, qara və yağışa bürünür.
"İlliada"dakı təssəvürə görə Aid Heraklın Evrisfeya üçün cəhənnəm köpəyini ondan almaq üstündə döyüşərkən çiynindən yaralanır və yarasını sağaltmaq üçün səltənətini tərk edərək Olimpə həkim tanrı Peonun yanına gəlməli olur.
13.03.2020