Görkəmli şəxsiyyətlər

Conatan Svift və onun “Qulliverin səyahəti” romanı

İrlandiyanın Dublin şəhərində pastor ailəsində anadan olan XVIII əsrin görkəmli ingilis yazıçısı və satira ustası Conatan Svift olduqca maraqlı və düşündürücü “Qulliverin səyahəti” romanı ilə məşhurluq qazanır.
 
Hələ dünyaya gəlməmiş atasını itirən Svifti yaxın qohumu Qodvin böyüdüb boya başa çatdırır. O, atasının yolunu davam etdirərək dini təhsil alır və bir neçə il ruhani işləyir, daha sonra Dublin kilsəsinə rahib təyin edilir.
 
Conatan siyasi fəaliyyətlə də məşğul olur. Ədəbi fəaliyyətə də məhz İngiltərənin həyatında baş verən ictimai-siyasi hadisələrə dair pamfletlərlə başlayır. İngilis əsilli olmasına baxmayaraq Svift sadə irlandiyalıların hüquqlarını ciddi-cəhdlə qoruyur və onların dərin hörmətini qazanır.
 
1713-cü ildə o, Müqəddəs Patrik Kilsəsinin dekanı seçilir və İrlandiyanın siyasi həyatına daha aktiv surətdə baş vurur. Təxminən həmin vaxtlarda özünün məşhur əsəri olan “Qulliverin səyahəti” romanını yazmağa başlayır. Svift romanı düz on il sonra bitirə bilir.
 
Senzuralara baxmayaraq böyük uğur qazanan kitab bir çox dillərə tərcümə olunur və dəfələrlə çap edilir. Hazırda klassika sayılan bu əsər dəfələrlə ekranlaşdırılır.
 
Maraqlıdır ki məhz Conatan Svift “liliput” və “yahoo” (yahuu) sözünü tapıb və “Qulliverin səyahəti” romanına daxil edib. Müəllif bu romanda bir əsr sonra kəşf ediləcək Mars planetinin peykləri haqqında məlumat verir.
 
Roman dörd hissədən ibarətdir və baş qəhrəman ingilis əsilli, kiçik torpaq sahibinin oğlu  Lemuel Qulliverin dörd səyahətini əks etdirir. Qulliver, hər dəfə liman şəhərlərinin birindən səyahətə çıxaraq xəyali, əsrarəngiz ölkələrə düşür. Bu ölkələrdə yaşayan insanların həyat tərzi, adət ənənələri və mövcud qanunlarla yaxından tanış olur və onlara İngiltərə haqqında məlumat verir.
 
Birinci hissədə Sviftin qəhrəmanı boyca çox kiçik olan insanların məskən saldığı Liliputiya ölkəsinə düşür. Bu ölkədə Tremeksenov və Slemeksenov adlı iki partiya daim bir-biri ilə ədavət aparır. Bu ədavət nəyin üstündədir? İnanmazsınız! Dikdaban ayaqqabılara görə! Partiyalardan biri uzun, digəri isə qısa daban ayaqqabıların tərəfdarlarıdır.
 
Doğurdan da bu liliputlar çox qəribə millətdir. Dikdaban ayaqqabılara görə biri-birinə qarşı ədavət aparmaları azmış kimi, üstəlik qonşu ölkə olan Blefusku ilə də düşmənçilik edirlər. Düşmənçiliyin səbəbi isə belədir: yumurtanı hansı tərəfindən qırmaq lazımdır – iti ucu, yoxsa küt ucu tərəfdən?
 
İkinci hissədə Qulliver qüllə ucalığında nəhənglərin yaşadığı Brobdinqneq ölkəsinə gedir. Nəhənglər İngiltərə haqqında eşitdikdə, bir vaxt Qulliver qürurlu liliputlara istehza ilə necə gülmüşdüsə, onlar da elə gülürlər.
 
Üçüncü hissədə Qulliver sehirbazların yaşadığı Laputu adlı uçan adaya və Struldbruqların torpağına səyahət edir. Nəhayət dördüncü hissədə əsərin baş qəhrəmanı nəcib və yüksək səviyyədə ağıllı olan atların idarə etdiyi Quiqnqnmların ölkəsinə gedib çıxır. Bu nəcib atlara insan cildində olan heyvanabənzər məxluqlar - yexular xidmət edir. Mədəni və cazibəli quiqnqnmlar Qulliveri yexulara həddən artıq oxşadığına görə qovurlar. Bundan sonra sonra Qulliver öz səyahətlərini başa vurur və evinə dönür.
 
İlk baxışdan “Qulliverin səyahəti” romanı uşaqlar üçün yazılmış, məzəli səyahətlər haqqında nağıl təsiri bağışlayır. Əslində isə o, dərin satira janrında yazılmış əsərdir. Svift romanda insanların şüursuzluğundan və XVIII əsr İngiltərəsindəki vəziyyətdən bəhs edir.
 
Ömrünün sonlarına yaxın Svift ağır ruhi pozuntu keçirir. Məktublardan birində ruhunu və cismini məhv edən “ölümcül hüzn”dən söhbət açan Conatan Svift 1745-ci ildə vəfat edir.