
Azadlıq heykəli həm Amerika Birləşmiş Ştatlarının, həm də Nyu-York şəhərinin simvolu sayılır. Amerikalıların ən sevimli və vacib bayramlarından biri – 1776-cı il iyulun 4-dən bu yana qeyd etdikləri Müstəqillik günüdür.
ABŞ-ın müstəqilliyinin və demokratik quruluşunun yüzüncü ildönümündə fransızlar Amerikaya unikal heykəl hədiyyə etmək qərarına gəlir. Heykəlin qurulması üçün lazım olan vəsait fransız xalqı və amerikalılar tərəfindən yığılır. Bu məqsədlə müxtəlif əyləncə tədbirləri və sərgilər təşkil olunur.
Heykəlin müəllifləri fransız heykəltəraş Frederik Oqüst və Eyfel qülləsini inşa edən memar Güstav Eyfel idi. Fransızlar heykəlin nəhəng metal hissələrini gəmilər vasitəsi ilə gətirib amerikalıların ulduz şəklində tikdikləri oturacaq üzərində qurdular.
1886-cı ildə Azadlıq heykəlinin təntənəli açılış mərasimi keçirilir. Nəhayət amerikalılar qırılmış qandal üzərində dayanan nəhəng qadın heykəlini görürlər. Onun bir əlində məşəl, digərində müqəddəs mətn yazılmış lövhə var. Mətnin altında müstəqillik Deklarasiyasının imzalandığı tarix - “4 iyul 1776-cı il” sözləri yazılıb.
Azadlıq heykəlinin yerdən məşəlin ucuna qədər hündürlüyü 93 metrdir. Ziyarətçilər 356 pillə qət edərək Nyu-York şəhərinin mənzərəsinə açılan müşahidə qülləsinin yerləşdiyi heykəlin başında qurulmuş taca çıxırlar. Orada, dünyanı işıqlandıran günəş şölələrinin rəmzi sayılan 25 pəncərə yerləşir. Tacın 7 ucluğu 7 qitənin (qərb coğrafi ənənəsinə əsasən) simvoludur.
Açıldığı gündən etibarən mayak kimi fəaliyyət göstərən heykəl həm də elektrik enerjisi ilə işıqlandırılan ilk mayakdır. Müstəqillik və demokratiyanın abidəsi sayılan Azadlıq heykəli 1984-cü ildən YUNESKO-nun Dünya İrsi siyahısına salınıb.
29.04.2014