Bu maraqlıdır!

Dünyanın ən məşhur səkkiz zooparkı. Çester zooparkı

Böyük Britaniyanın Çester zooparkı 1931-ci ildə heyvansevər Corc Moterşedin köməyi ilə yaradılmışdır. Hələ 1903-cü ildə uşaq olarkən o, Mançester zooparkını ziyarət etmiş və heyvanların saxlandıqları nəm və qaranlıq şəraiti görüb məyus olmuşdu.
 
Çester zooparkı Çester Apton-bay-Çester şəhərinin yaxınlığında yerləşir. Bu zoopark Böyük Britaniyanın ən böyük zooparklarından biridir. Sahəsi 160 hektardan ibarət olan zooparkda 4 yüzdən artıq növdə 7 mindən çox heyvan yaşayır. Bu heyvan növlərindən çoxunun nəsli tükənmək üzrədir. Bundan başqa zoopark ərazisində 265 növdə nadir bitki növü bitir. 
 
Zooparkda həmçinin uşaqlar üçün oyun meydançaları da var: balacalar burada fauna və flora aləmi ilə tanış olmaqla yanaşı müxtəlif oyunlar da oynayırlar.
 
Çester zooparkında dünyada ilk dəfə qarışıq sərgi təşkil edilmişdir. Bu sərgidə müxtəlif heyvanlar təbiətdə olduğu kimi birlikdə yaşayırlar. Hazırda Çester zooparkında “Asiya düzəngahları”, “Kəpənək meydançası”, “Meymun səltənəti”, “Təhlükə altındakı ada” adlı sərgiləri ziyarət etmək olar.  
 
Qəfəs-meydanlarda yerləşdirilmiş kameralar flaminqo, zürafə, pinqvin kimi insanları özünə yaxın buraxmayan heyvanların və quşların yaşayışını yaxından izləməyə imkan verir. Bu zaman meydana gələn maraqlı videolar tez-tez internetə  zooparkı saytına və ya Youtube-a da yerləşdirilir. 
 
Zooparkda həmçinin baytar həkimin xəstə və yeni doğulmuş heyvanları yoxlamasına da baxmaq olar. Zooparkda heyvanlar mümkün olduğu qədər qəfəslərdən və dəmir məhəccərlərdə azad edilir. 
 
Böyük Britaniyada ilk dəfə Çester zooparkında Asiya fillərinin balası dünyaya gəlmişdir. Bu gün zooparkda 8 ana, o cümlədən bir neçə bala fil yaşayır. Burada hətta Hindistan meşələrini xatırladan yağışlı meşə sahəsi də yaradılmışdır. Yağışlı meşə sahəsində fillərdən başqa sincablar, quşlar, tısbağalar və müxtəlif quşlar yaşayır. 
 
Zooparkda həm də 4 ədəd xallı, 1 ədəd isə qara yaquar yaşayır. Onların yaşadığı meydança dörd hissədən ibarətdir. Bu hissələrdən biri quru savannalar və yağışlı meşənin timsalında yaradılmışdır. Digər hissələrdə isə yaquarların üzdüyü süni göllər və çaylar var.