Səməd Vurğun. "Bənövşə"
Yazın novbarısan bizim diyarda,
Qıvrım tellərini sana, bənövşə!
Mən səni sevmişəm bir ilk baharda,
Könlümü vermişəm sana, bənövşə!
Sənsən əzəl gündən mənim sirdaşım,
Gözündən ayrılsın axar göz yaşım;
Gövdəmin üstündə durmayır başım
Buranda boynunu yana, bənövşə!..
Çıxmışam seyrinə meyli, məzəli,
Heyrandır hüsnünə ellər gözəli;
Könlüm oylağını yaxın gəzəli
Çoxları küsəndi mana, bənövşə!
Üzündə gördüyüm nə intizardır?
Qəlbində Vaqifin sirrimi vardır?
Gəl ondan söz açma, indi bahardır.
Bağrımı döndərmə qana, bənövşə!
Boynunu kəc burma gəl indən belə,
Mən sənə söz qoşum, sən məni dinlə;
Vurğunun şeirilə, sənin hüsnünlə
Təbiət gələcək cana, bənövşə!