Mixail Prişvin. “Tala”
Tərcümə edəni E.Rəhimov
Tozağacı özünün son qızılı yarpaqlarını yuxulu qarışqaların yuvalarına, küknarların başına səpələyirdi. Meşə cığırı ilə gedirdim, payız meşəsi gözlərimə dəniz kimi, tala isə bu dənizdə bir ada təki görünürdü.
Bu adada bir-birinə sığınmış bir neçə küknar ağacı vardı, dincəlmək üçün ağacların altında oturdum. Demə, bütün həyat bu küknarların başında imiş. Qozaların bol yerində dələ, aladimdik və adı, özü mənə məlum olmayan başqa canlılar ağalıq edərmiş. Burda qara qərzəklərin yerə düşdüyünü görürsən. Bu, dələnin, aladimdiyin işidir. Onlar qozaların içindəki dadlı tumu çıxarıb yeyirlər.
Altında oturduğum bu uca küknar ağacı da elə bil tumdan boy atıb ucalmışdı. Bu tumları külək haçansa gətirib toz ağacının dibinə, onun üstü açıq köklərinin arasına salmışdı. Küknar böyüməyə başlayıb, tozağacı da onu istidən, şaxtadan qoruyubdu. İndi bu küknar böyüyüb, tozağacı ilə yanaşı durub, köklərini onun köklərinə dolamışdır.
Meşənin ortasındakı talada küknar ağaclarının altında kirimişcə oturub, yerə tökülən xəzan yarpaqlarının pıçıltısını dinləyirdim. Bu pıçıltılar ağacların altında yatan dovşanları oyadır. Dovşanlar hövlnak meşədən çıxıb harasa gedirlər. Yarpaqların pıçıltısından səksənən bir dovşan sıx küknarların altından çıxdı, böyük talanı görüb dayandı.
Dovşan şöngüdü, ətrafına boylandı: hər yanda xışıltı, hara qaçsın? Talanın ortasından düz keçə bilmədi, kənardan bir tozağacının altından o biri tozağacının altına qaça-qaça getdi. Kim meşədə bir şeydən qorxursa, yaxşısı budur yarpaqlar töküləndə, yarpaqlar pıçıldaşanda meşəyə getməsin.
Pıçıltıları eşidən dovşana elə gəlir ki, kim isə onu izləyir.
Qorxaq dovşan, əlbəttə, cəsarətlə, ətrafına baxmadan talanın ortasından düz keçib gedə bilərdi. Lakin onda necə eləsin ki, belə bir bədbəxtliyə düçar olmasın: xəzan yarpaqları pıçıldaşır, tülkü də yarpaqların pıçıltısı altında yavaşca dovşanın dalınca sürünür. Cəsarətli dovşan yarpaqların pıçıltısından qorxmur, ətrafa boylanmır və birdən kürən sinəli tülkünün əlinə keçir.
26.04.2019