Bu maraqlıdır!

Vəhşi heyvanları nə üçün zooparkda saxlayırlar

Bunun əsas səbəbi odur ki, hər kəs vəhşi heyvanlarla maraqlanır. Digər səbəb odur ki, alimlər buradakı heyvanların yaşayış tərzini müşahidə etməklə bir çox vacib biliklər əldə edirlər. Heyvanların qidalanmalsını, inkişafını müşahidə etməklə təkcə onlar haqqında deyil, həmçinin insanlar barəsində də bir çox şey öyrənmək olar. Beləliklə, zoopark təkcə heyvanların tədqiq edildiyi yer deyil, həm də insanların öyrənildiyi bir məkandır. Yəqin elə ona görə də bizə məlum olan ilk zoopark “bilik parkı” adlandırılmışdır. Bu zoopark e.ə. 1150-ci ildə Çin imperatoru tərəfindən yaradılmışdı. Orada maral, quş və balığın müxtəlif növləri məskən salmışdı. Bir çox xüsusiyyətlərinə görə həmin zoopark müasir zooparklardan fərqlənməsə də onun əsas fərqli cəhəti ictimaiyyət üçün açıq olmaması və yalnız imperator və saray əhlinin əyləncəsi üçün nəzərdə tutulması idi.


Zoopark elə bir yerdir ki, orada müxtəlif heyvanlarla qarşılaşmaq olar. Orada bizə yaxşı tanış olan maral, sığın və qabanla yanaşı, şir, antilop, timsah, bəbir və fil kimi ekzotik  heyvanları da görmək olar. Lakin qorxmaq lazım deyil. Çünki bütün heyvanlar möhkəm çəpərlərlə əhatə olunublar və biz təhlükəsiz şəkildə onlara baxa bilərik.
Adətən zooparkların sahəsi çox geniş olur. Buna görə orada saxlanılan heyvanların sayı da çox olur. Hətta bəzi şəhərlərdə bütün növ balıqlar, suda-quruda yaşayanlar və sürünənlərin saxlanıldığı yerlər də mövcuddur. Buna görə də zooparklar ailəvi gəzinti üçün mükəmməl yerlərdir. Burada hər kəsin zövqünə uyğun heyvanlar var. Belə gəzintilərdə biz fotokamera vasitəsilə sevdiyimiz heyvanla yanaşı şəkil də çəkdirə bilərik.