Bu maraqlıdır!

Kosmonavtlar

Bəşəriyyət tarixində ilk dəfə 1961-ci il aprelin 12-də Yuri Qaqarin “Vostok-1” gəmisi ilə kosmosa qalxıb. Onun uçuşu təxminən 108 dəqiqə davam edib. 
 
İlk qadın kosmonavt Valentina Tereşkova 1963-cü il iyunun 16-da “Vostok-6” gəmisində kosmosa uçub.
 
1969-cu il iyulun 20-də amerikalı astronavt Nil Armstronq Ayın səthinə ayaq basan ilk insan oldu. Elə həmin vaxt o, özünün məşhur ifadəsini dilə gətirdi: “Bu, insan üçün kiçik bir addım bəşəriyyət üçün isə nəhəng sıçrayışdır”. 
 
Biz kosmosa uçan hər kəsi kosmonavt adlandırırıq. Bir zamanlar ilk təyyarələrdə səmaya qalxan hər kəsi pilot adlandırırdılar. Vaxt gələcək, kosmik gəmilərin də sərnişinləri olacaq. O vaxt biz yalnız kosmik gəmini idarə edən şəxsləri kosmonavt adlandıracağıq. 
 
Kosmonavt – öz işinin ustası olan adi təyyarəçidir. Bütün təyyarəçilər sağlam və möhkəm insan olurlar, amma kosmonavt olmaq üçün ən sağlam insanlar seçilir. Sağlamlıqda kiçik bir problem, məsələn ürəkdə və ya görmə qabiliyyətində zəiflik həmin şəxs üçün kosmosa aparan yolu bağlaya bilər. 
 
Bəs bunun səbəbi nədir? Çünki təyyarəçi –kosmonavt olduqca qeyri-adi şəraitdə - çəkisizlik vəziyyətində, bəzən isə ağır fiziki gərginlik şəraitində işləməli olur. Həmin vəziyyətdə bədən ağırlaşır, hərəkət etmək çətinləşir, kosmonavt uçuş cihazlarına nəzarət etməli, Yerlə əlaqə saxlamalı və gəmini idarə etməlidir. 
 
Kosmonavt həm də bilikli olmalıdır! Gəminin mexanizmini, saysız-hesabsız cihazların, radiostansiyaların və mühərriklərin işini mükəmməl bilməlidir. O yaxşı astronom olmalıdır: əks halda kosmosda yolu necə tapa bilər? Kosmonavt coğrafiyanı da yaxşı bilməli, balıq tutmağı, sərrast atəş açmağı, cəngəlliklərdə, səhrada və Antarktida buzları arasında ov etməyi bacarmalıdır. Çünki o bəzən dünyanın hər hansı nöqtəsinə zəruri eniş edə bilər. Əgər sən nə vaxtsa ulduzlara uçmağa hazırlaşırsansa bunları yadında saxla.