Bu maraqlıdır!

Emosiyalar

Gündəlik həyatımızda rast gəldiyimiz hər bir amil həyat tərzimizə öz təsirini göstərir. Qəzetdən, radiodan, televiziyadan, eləcə də digər informasiya mənbələrindən alınan məlumatlar insanda həm mənfi, həm də müsbət emosiyalar yaradır. Həyatımızı bunlarsız təsəvvür etmək olmaz. Müsbət emosiyalar sağlamlıq üçün faydalı, mənfi emosiyalar isə təhlükəlidir.

 

Müsbət emosiyalar qələbə, sevinc, şad xəbər, uğur və s. kimi hadisələr nəticəsində yaranır. Yəqin ki, hər birimiz üçün sakit, rahat və estetik zövqü oxşayan bir mühit olduqca vacibdir. Mebelin üzərindəki naxışlar, xüsusi zövqlə açılmış süfrə, maraqlı bədii əsər, konsert, klassik bir musiqi, insanı nağıllar aləminə aparan bir film, həyətdə yağan qar əhvali-ruhiyyəni yaxşılaşdırır, müsbət emosiyaların yaranmasına səbəb olur.


Mənfi emosiyalar orqanizmin fəaliyyətinə zərərli təsir göstərir. Belə emosiyalar bəd xəbər, qorxu, uğursuzluq, münaqişə, ümidsizlik və digər hallarda yaranır. Bu zaman yaranan ruh düşkünlüyü, həyəcan, əsəb gərginliyi, taqətsizlik gələcəkdə müxtəlif xəstəliklərə səbəb ola bilər. Sağlamlıq üçün mənfi emosiyalardan uzaq olmaq olduqca vacibdir.

 

Bəzən həm mənfi, həm də müsbət emosiyalar stressə səbəb ola bilir.


Öyrənəcəyiniz dərslərin üst-üstə yığılması, imtahana hazırlıq, yaxın adamın uzaq səfərdən qəfil qayıtması, ətrafdakılarla münaqişələr, hər hansı bir işdə gözlənilməz uğursuzluq, inciklik, qısqanclıq, qorxu, xəstəlik, həyati təhlükə və s. kimi hallar stressə səbəb ola bilər. Bu zaman orqanizmdə müəyyən fizioloji dəyişikliklər baş verir. Stress insan sağlamlığına mənfi təsir göstərərək hətta nevrozların, ürək-damar xəstəliklərinin, mədə xorası xəstəliyinin və s. yaranmasına səbəb olur.


Alimlərin bir qismi hesab edir ki, stresdən qaçmağa çalışmaq əvəzinə, hisləri cilovlamağı bacarmaq lazımdır. Bunun üçün stressə qarşı nikbin mövqe tutaraq reallığı qəbul etmək, özünü ələ almaq olduqca əhəmiyyətlidir.
Buna görə də müsbət emosiyalarla yaşayıb, mənfi emosiyalardan hər vasitə ilə uzaq olmaq lazımdır.