Nağıllar, hekayələr

Qızılquş əfsanəsi

Padşah səyahətə çıxır. Səyahətdə onun diqqətini ən çox cəlb edən Qızılquş olur. Öz-özünə deyir: «Bütün heyvanlar içərisində Qızılquşdan gözəl ömür sürən başqa bir heyvan yoxdur». 

 

Padşah səyahətdən qayıdan kimi ovçulara əmr edir ki, onun üçün bir Qızılquş tutub gətirsinlər. Ovçular padşahın əmrini yerinə yetirirlər. Padşah Qızılquşu qəfəsə saldırır və ona nəzarətçi təyin edir. 

 

Bir müddətdən sonra padşah quşlarda etibar olub-olmadığını yoxlamaq məqsədilə onu qəfəsdən açıb buraxdırır. Qızılquş gəlib dəstəsinə qovuşur. Quşlar soruşur ki, padşah nə əcəb səni açıb buraxdı? 

 

Qızılquş cavab verdi: 


- Padşah mənim etibarımı yoxlayır. Mən mütləq onun yanına qayıtmalıyam. Özü də ona dünyada tayı -bərabəri olmayan bir hədiyyə aparmalıyam. 

 

Dostları Qızılquşa deyirlər ki, Əlçatmaz dağın başında bir alma ağacı var. Onun meyvəsini qoca adam yesə, dönüb on beş yaşında oğlan olar. Həmin ağacın bir budağını padşaha hədiyyə ver. 

 

Qızılquş Əlçatmaz dağına qanad çalır, alma ağacının bir budağını qırıb padşaha gətirir. Padşah deyir: 


- Ay Qızılquş, bu gətirdiyin hədiyyə nədir? 


Qızılquş cavab verir: 


- Bu alma ağacının budağıdı, özü də sirlidi. Ağac ildə üç dənə alma verir. Yaşlı adam onu yeyən kimi on beş yaşında oğlana dönür. Bu ağacı bağçanın elə bir guşəsində əkməlisən ki, heç kəs onu görə bilməsin.

 

Padşah Qızılquşdan razı qalır. Budağı bağbana verir, gizli bir yerdə əkməsini məsləhət görür. Nəhayət, vaxt gəlib çatır. Budaq böyüyüb ağac olur. Ağacda üç dənə alma yetişir. Bağban almalardan birini dərib padşaha aparır. Yolda ona vəzir rast gəlir, bağbanı dilə tutub deyir: 


- Bağban, bir gör bu alma necə də yaraşıqlı, gözəl, ətirlidi. Arvadım xəstədi, əgər aparıb ona göstərsəm, bil ki, o saat ayağa durar. 

 

Vəzir bu fel ilə almanı bağbanın əlindən çıxarıb evinə aparır. Orada almanı iynə ilə zəhərləyir, sonra qaytarıb bağbana verir. Bağban da padşaha gətirir. Padşah almanı diqqətlə nəzərdən keçirir. Baxır ki, bu qeyri- adi almadı. Ona görə şübhələnir, almadan bir az kəsib ev heyvanına verir. Heyvan dərhal ölür. Padşah qəzəblənir və Qızılquşun boynunu kötüyün üstünə qoydurur. Qorxuya düşən bağban tez bağçaya qaçır, yerdə qalan almanın birini yeyir ki, ölsün. Amma əvəzində on beş yaşında cavan oğlana dönür və dərhal padşahın yanına qayıdır. Padşah arada xəyanət olduğunu anlayır, Qızılquşu öldürtdüyünə heyfsilənir. Məsələdən hali olmaq üçün bağbandan soruşur ki, bağçadan onun yanına gələndə qarşısına kim çıxmışdı. Bağban cavab verir ki, vəzir. Padşah Qızılquşun intiqamını ondan almaq üçün vəziri zindana saldırır.