İtə ataram, yada satmaram
Mir Cəlalın “Bir gəncin manifesti” povestindən
Sərin bir payız səhəri idi. Səhər də demək olmazdı, çünki hələ tamam işıqlaşmamış, hava açılmamışdı. Bu alaqaranlıqda şəhərə doğru gedən əyri-üyrü palçıqlı yol camaatla dolu idi. Adamlar şəhərə, həftəbazarına gedirdilər. Kimi qabağına qatdığı sağmal inəyi, kimi qoyun-quzusunu haylayıb satmağa aparırdı. Uzaq kəndlərin hansındansa bir kişi eşşək üstündə bəkməz gətirirdi. Piyadaların bəzisi çiynində boğça, bəzisi qoltuğunda heybə, bəzisi dalında bir şələ odun aparırdı.
Cavan bir gəlin boğazından kəsib yığdığı yumurtalarla dolu səbəti bala kimi bağrına basaraq ehtiyatla, başıaşağı yeriyirdi. Qoca, enlikürək, qarasaqqal kişi qoltuğunda xoruz, əlində bir torba zoğal qurusu asta-asta addımlayırdı. Hava getdikcə işıqlaşır, kəndlilər şəhərə yaxınlaşırdılar.
Sona da bazara gedənlərin arasında idi. O, ömründə birinci dəfə idi ki, həftəbazarına gedirdi. "Yusif-Züleyxa" xalçasını satmağa aparırdı. Bu xalçanı Sona özü toxumuşdu. Niyyəti də xalçanı böyük oğlu Mərdanın toyunda gəlin otağının divarına vurmaq idi. Sona illər boyu bu arzunu ürəyində bəsləmiş, o xoşbəxt günü səbirsizliklə gözləmişdi. Amma hər şey dəyişdi. Sonanın əri öldü, uşaqları yetim qaldı. Ehtiyac qadını sıxdı. Sona da "Yusif-Züleyxa"sını qoltuğuna vurub bazara aparmalı oldu.
Həftəbazarı köhnə, uçuq bir hasarın içində idi. Bura camaatla dolu idi. Satanların və alanların içərisində hər cür adam görmək olardı. Amma hamının diqqətini gödəktuman, baldırı açıq, qəribə libaslı bir adam çəkirdi. Camaatın "ingilis" deyə birbirinə göstərdiyi adam heç kəsə fikir verməyərək, heç nədən çəkinməyərək bazarda gəzir, hər şeyə nəzər salırdı. İngilisin yanında uzunətək bir tacir hərlənirdi. İngilisin buyruğuna baş əyib oyan-buyana qaçırdı.
Xalçanı ingilis də görmüşdü və heyrətindən donub-qalmışdı. O, xalçanın önündə əyilib acgözlüklə ona baxır, əli ilə tumarlayırdı. Sonra yanındakı tacirə nə isə dedi. Tacir Sonadan soruşdu:
- Bacı, qiyməti neçədir?
Sona bir az duruxdu. O, xalçasına qiymət qoydurmamışdı. İndi də ingilisə nə qiymət deyəcəyini bilmirdi. İngilis isə öz işində idi. Xalçanın başına dolanır, üzünə, astarına, saçaqlarına baxır, barmaqları ilə naxışlarını yoxlayırdı. Xalçanın başına yığışanlardan biri dedi:
- Əl işi olduğuna inanmır. Necə də inansın! Bu ki qüdrət qələmi ilə çəkilmiş bir şəkildir!
- Əhsən belə barmaqlara!
İngilis isə artıq darıxmağa başlamışdı. Tacirə nəsə dedi. Tacir yenə xalçanın qiymətini soruşdu. Sona ətrafına baxdı. Hamının üzündə bir narahatlıq, təəssüf hissi var idi. Sanki heç kim bu gözəl sənət əsərinin yadlara qismət olmasını istəmirdi. Sona fikrə getdi:
"Axı niyə öz əllərimlə toxuduğum, min bir arzu ilə saxladığım xalça öz oğluma yox, bu çağırılmamış qonağa qismət olsun?"
Qadını birdən hirs boğdu, üzünü ingilisə tutub dedi:
- Satmıram!
Camaatı maraq götürdü. Tacir isə qiyməti qaldırmağa başladı, yüz qızıl təklif etdi. Lakin Sonanın cavabı qəti idi:
- Satmıram! Satmıram, canım! Nə ingilisə satıram, nə də qızıla.
Sona xalçanı çəkib aradan yığdı. İngilisin rəngi ağardı. Alt çənəsi laxladı. Tacir onun dediyini Sonaya tərcümə etdi:
- Görürsən? Deyir, hara getsə, onu mən alacağam.
Sona daha da acıqlandı. İti və həyəcanlı nəzərlərlə həm taciri, həm də ingilisi süzüb əli ilə rədd işarəsi verdi:
- İtə ataram, yada satmaram!
Sona arxasını ingilisə və tacirə çevirib oradan uzaqlaşdı. Yüzlərlə vətəndaşın sevincli, alqışlı baxışları bu qeyrətli ananı yola salırdı:
- Halal olsun belə qadına!
01.02.2019